İçeriğe geç

Hoş geldiniz,

Lütfen giriş yapın veya kayıt olun

ÜYELIK SÖZLEŞMESİ

ÜZVLÜK MÜQAVİLƏSİ         

Bu müqaviləni bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydiyyata alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən (bundan sonra “Vasitəçi” adlandırılacaq) “HIQ Nutrition Azərbaycan” MMC, digər tərəfdən isə  “Üzv” (“Üzv” və “Vasitəçi” ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaq) aşağıdakı şərtlərlə bağladılar:

ANLAYIŞLAR
Müqavilədə (o cümlədən onun Əlavələrində) Müqavilənin bu bəndində müəyyənləşdirilməmiş terminlərdən istifadə oluna bilər. Bu halda, belə termin Müqavilənin mətninə (əlavələri daxil olmaqla) uyğun olaraq təfsir edilir. Müqavilənin mətnində terminin birmənalı təfsiri olmadıqda, müəyyənləşdirilmiş terminin təfsirində rəhbər tutulmalıdır: ilk növbədə - Azərbaycan Respublikasının qanunvericiliyi, ikinci növbədə işgüzar adətlər.
a.    Üzv – Bu Müqaviləni təsdiqləyərək və Platformada qeyd olunan məlumatları daxil edərək Platformada qeydiyyatdan keçmiş, Platformada yerləşdirilən məhsulları izləyən və/və ya satın alan şəxs.
b.    Vasitəçi – Satıcının yaratdığı sistemlə Məhsulları satışa təqdim etdiyi Platformanı idarə edən və Satıcı adından məsafəli müqavilənin qurulmasına vasitəçilik edən şəxs.
c.    Satıcı – İstehlakçılara kommersiya və ya peşəkar məqsədlər üçün, o cümlədən publik hüquqi şəxslərə Məhsullar təklif edən və ya Məhsul təqdim edənlərin adından və ya adından fəaliyyət göstərən fiziki və/və ya hüquqi şəxs.
d.    Platforma – “MAÇKAR DIŞ TİCARET LİMİTED ŞİRKETİ”-nə məxsus www.takehiq.az adlı internet saytı və mobil tətbiqi.
e.    Şəxsi məlumat – Şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat.

1.    MÜQAVİLƏNİN PREDMETİ
1.1.    Bu Müqavilə Üzv və Vasitəçi arasında elektron formada imzalanır və Platformaya üzvlük və ondan istifadə qaydalarını, Vasitəçi və Platforma üzvü arasında yaranan münasibətləri tənzimləyir. Müqavilə Üzv tərəfindən elektron şəkildə təsdiq edildiyi və Vasitəçi tərəfindən Üzvə üzvlüyün təsdiqi barədə bildiriş göndərildiyi andan bağlanmış və hüquqi qüvvəyə minmiş hesab olunur.
1.2.    Üzvlük əldə etmək üçün üzv olmaq istəyən şəxs bu Müqaviləni təsdiqləməli və qeydiyyatdan keçmək üçün tələb olunan məlumatları tam və düzgün şəkildə doldurmalıdır. Üzvlük müraciəti Vasitəçi tərəfindən qiymətləndirilir və bu Müqavilə ilə müəyyən olunan şərtlərə uyğun olduğu halda təsdiqlənir. Üzvlük müraciəti Vasitəçi tərəfindən təsdiqləndiyi və Üzvə bu barədə məlumat verildiyi andan şəxs Platformanın üzvlüyü statusunu əldə edir, bu Müqavilədə və Platformada Üzv üçün müəyyən edilmiş hüquqları əldə edir və öhdəlikləri daşıyır. 
1.3.    Tərəflər bu Müqavilə üzrə öz hüquq və öhdəliklərini bildiklərini qəbul edirlər.

2.    TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
2.1.    Üzvün hüquq və öhdəliklərinə aşağıdakılar aiddir:
2.1.1.    Üzv qəbul edir ki, Vasitəçi heç bir halda Satıcının, Üzv və Satıcı arasında Platforma üzərindən bağlanılan alqı-satqı müqaviləsi ilə məyyən olunan öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımır. Vasitəçi yalnız Platformanın idarə edilməsini həyata keçirir. Platformada yerləşdirilən və satılan məhsulların keyfiyyətinə, qanunvericiliklə müəyyən edilən tələblərə uyğunluğuna, vaxtında çatdırılmasına, lazımi sənədlərlə (istifadə kitabçası və s.) təmin edilməsinə görə Satıcı məsuliyyət daşıyır və həmin hallarla bağlı Üzvün hər hansı tələbi olduqda həmin tələbi Satıcıya qarşı irəli sürməlidir. 
2.1.2.    Üzv həm Platformada qeydiyyatdan keçərkən, həm də Platformada əməliyyatlar apararkən tərəfindən daxil edilmiş bütün məlumatların (o cümlədən fotoşəkillər, videolar, məhsullarla bağlı bildirdiyi şərhlər və s.), xüsusilə də, Üzvün istifadəçi adı və parolunun tam və düzgün olmasını təmin etmək üçün məsuliyyət daşıyır. Belə ki, həmin məlumatlar:
•    Bu Müqaviləyə, Vasitəçi tərəfindən elan edilmiş/bildirilmiş Platforma qaydalarına, AR qanunvericiliyi müddəalarına və etik davranış qaydalarına uyğun olmalı, 3-cü şəxslərin hüquqlarına mənfi təsir göstərməməli (məsələn: 3-cü şəxslərin şəxsi məlumatlarının icazəsiz şəkildə istifadə olunması və s.);
•    Cinayət xarakterli, reklam məzmununu ehtiva edən, pornoqrafik xarakterli, haqsız rəqabət yaradan və/və ya oxşar məzmun ehtiva edən məlumatlar olmamalıdır.
Belə ki, daxil edilən məlumatların saxta olduğu aşkarlanarsa, Vasitəçi Üzvün üzvlüyünü qismən və ya tamamilə ləğv etmək, dayandırmaq və ya məhdudlaşdırmaq hüququna malikdir. Daxil edilən məlumatlarda dəyişiklik olarsa, üzv dərhal Platforma üzərindən bu məlumatlarını yeniləməli, yeniləmək mümkün olmadıqda isə Vasitəçiyə bununla bağlı məlumat verməlidir.
2.1.3.    Üzv Platforma üzərindən həyata keçirilən bütün əməliyyatlarda bu Müqavilənin  müddəalarına, Vasitəçi tərəfindən elan edilmiş/bildirilmiş Platforma qaydalarına, AR-nın qüvvədə olan qanunvericiliyə və etika qaydalarına uyğun hərəkət etməyi öhdəsinə götürür. Əks halda, Vasitəçi Üzvün üzvlüyünü qismən və ya tamamilə ləğv etmək, məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir. 
2.1.4.    Aşağıdakı əməliyyatlar (lakin bunlarla məhdudlaşmır) Platformadan qeyri-qanuni istifadə hesab edilir və yolverilməzdir: 
•    Platformada əməliyyatlar apararkən Vasitəçiyə, Platformaya və/və ya üçüncü şəxslərə hər hansı zərər vurmaq;
•    Platformanın hamısının və ya bir hissəsinin pozulması və ya dəyişdirilməsi məqsədi ilə istifadə edilməsi; 
•    Yalan məlumatlardan və ya başqa şəxsə məxsus məlumatlardan istifadə etməklə əməliyyatlar həyata keçirmək, yalan şəxsi məlumatlardan istifadə etməklə qeyri-real üzvlük hesabları yaratmaq və bu hesablardan istifadə etmək, başqa üzvün hesabından icazəsiz istifadə etmək;
•    Platformaya və ya onun məlumat bazasına zərər verə biləcək hər hansı zərərli proqram və ya virusdan istifadə; 
•    Platformaya zərər verə biləcək hər cür proqramlara, viruslara, lisenziyasız məhsullara, troyan proqramına və digər təhlükələrə qarşı zəruri qoruyucu proqram təminatının və ehtiyat tədbirlərinin görülməməsi;
•    Platformadan digər Platforma üzvlərinin şəxsi və mülkiyyət hüquqlarına zərər vurmaqla istifadə etmək. 
Üzv tərəfindən Platformada qeyri-qanuni hesab edilən əməliyyatlar həyata keçirildikdə Vasitəçi        Üzvün üzvlüyünü qismən və ya tamamilə ləğv etmək, məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir.
2.1.5.    Üzv üzvlük hesabının və onunla əlaqəli məlumatların təhlükəsizliyini təmin etməyi, bu məlumatları üçüncü şəxslərlə paylaşmamağı öhdəsinə götürür. Əks halda, Üzvün lazımı tədbirləri görməməsi səbəbindən, bu məlumatın üçüncü şəxslər tərəfindən əldə edilməsi nəticəsində yarana biləcək hər hansı ziyana görə Vasitəçi məsuliyyət daşımır. Üzvlük hesabı və ya parolun təhlükəsizliyi ilə bağlı hər hansı şübhə yaranarsa, Vasitəçi Üzvün üzvlüyünü qismən və ya tamamilə ləğv etmək, məhdudlaşdırmaq və ya bloklamaq hüququna malikdir. 
2.1.6.    Üzv qəbul edir ki, Platformada yerləşdirilən məhsullarla bağlı bildirdiyi şərhlər Vasitəçi və ya məhsulun alındığı Satıcı tərəfindən qanunvericiliyə uyğun olaraq paylaşıla bilər və bu şərhlərdən istifadə edilə bilər. Üzv məhsullarla bağlı şərh bildirərkən qeyri-etik ifadələrdən istifadə etməməli və yalan məlumatlara yol verməməlidir. 
2.1.7.    Üzv istifadəçi adı və parolu ilə həyata keçirilən bütün əməliyyatların onun tərəfindən həyata keçirilmiş sayılacağını, həmin əməliyyatlardan irəli gələn məsuliyyətin ona aid olduğunu qəbul edir. Belə ki, Üzv üzvlük hesabının 3-cü şəxslər tərəfindən icazəsiz istifadəsinin qarşısını almaq üçün lazımi tədbirləri görməlidir. 
2.1.8.    Üzv istənilən vaxt heç bir səbəb göstərmədən birtərəfli qaydada üzvlüyünə xitam verə bilər. Üzv üzvlük hesabı bağlandıqdan sonra üzvlük hesabından yenidən istifadə edə bilməyəcəyini və/ya hesabla bağlı müəyyən edilmiş hüquq və üstünlükləri geri ala bilməyəcəyini və onları başqa hesablara köçürə bilməyəcəyini başa düşür. 
2.1.9.    Üzv qəbul edir ki, Platformada mövcud olan və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Məxfilik Müqaviləsi ilə tanışdır, həmin Müqavilə üzrə öz hüquq və öhdəliklərini bilir. 
2.1.10.    18 (on səkkiz) yaşdan aşağı olan şəxslərin Platformaya üzv olmasına icazə verilmir.
2.1.11.    Vasitəçinin markası və loqosu, mobil tətbiqinin və veb-saytının dizaynı, proqram təminatı, domen adı, habelə bunlarla bağlı olaraq Vasitəçi tərəfindən yaradılmış bütün markalar, dizaynlar, loqolar və digər bütün məzmunlar üzərindəki bütün əqli mülkiyyət hüquqları Vaitəçiyə məxsusdur. Üzv, Vasitəçinin və ya ona bağlı olan “HIQ NUTRITION TEXNOLOGİYA A.Ş.”-nin mülkiyyətində olan əqli mülkiyyət hüquqlarını yazılı icazə olmadan istifadə edə, paylaşa, nümayiş etdirə, çoxalda və ya onlardan törəmə əsərlər yarada bilməz. Üzv üçüncü şəxslərin və Vasitəçinin əqli mülkiyyət hüquqlarını pozacaq hərəkətlər etməsi halında, Vasitəçinin və/və ya müvafiq üçüncü şəxslərin bütün birbaşa və dolayı zərərlərini, eləcə də xərclərini ödəmək öhdəliyini daşıyır.

2.2.      Vasitəçinin hüquq və öhdəliklərinə aşağıdakılar aiddir:
2.2.1.    Satıcı məhsulun qiymətini Üzvdən almaq hüququnu Vasitəçiyə verir. Bu səbəbdən Üzv Vasitəçiyə ödəniş etdiyi halda Satıcı qarşısında ödəmə öhdəliyindən azad olunur və Satıcıya əlavə ödəniş etmək öhdəliyi daşımır. Bununla belə, Üzv Satıcıya təkrar ödəniş edərsə, Vasitəçi bununla bağlı heç bir məsuliyyət daşımır və Üzv Vasitəçiyə ödənilən məbləğin geri qaytarılmasını tələb edə bilməz.
2.2.2.    Vasitəçi Platformanın viruslardan və digər zərərli proqram təminatlarından qorunması üçün mövcud imkanlar daxilində ağlabatan tədbirlər görür. Bununla belə, Vasitəçi Üzv qarşısında Platformanın viruslardan və digər zərərli proqram təminatlarından qorunmasına zəmanət vermir. Əgər Üzv platformadan virus və ya başqa zərərli proqram səbəbilə zərər görsə (cihazın sıradan çıxması, məlumatların silinməsi, və s.) Vasitəçi buna görə Üzv qarşısında məsuliyyət daşımır.
2.2.3.    Platformadakı bağlantılar Üzvü digər internet saytlarına və ya tətbiqlərə apara bilər. Lakin, Vasitəçi bu internet saytların və ya tətbiqlərin məzmunu, etibarlılığı və/və ya təhlükəsizliyi ilə bağlı heç bir öhdəlik daşımır, o cümlədən bu vebsaytlara/tətbiqlərə giriş, istifadə, yükləmə, paylaşma nəticəsində yarana biləcək hər hansı ziyana görə heç bir şəkildə məsuliyyət daşımır.
2.2.4.    Vasitəçi öz mülahizəsinə əsasən, istənilən vaxt və heç bir səbəb göstərmədən üzvlük müraciətlərini rədd edə, üzvlüklərə xitam verə və ya üzvlük şərtlərini, dəyişdirə bilər. Vasitəçi Platformada hər hansı dəyişikliklər etdikdə bunlar dərhal üzv üçün etibarlı olur. Üzv bu dəyişiklikləri ayrıca təsdiqləmədən, Platformadan istifadə etməyə davam edərək onları qəbul etmiş sayılır. Bu səbəbdən, Üzvə tövsiyə olunur ki, Platformada hər hansı əməliyyat həyata keçirməzdən əvvəl üzvlük müqaviləsi ilə təkrar tanış olsun. 
2.2.5.    Vasitəçi öz mülahizəsinə əsasən, Platformanın fəaliyyətini və/və ya Platforma üzərindən təklif olunan məhsulların yayımını qismən və ya tamamilə, daimi və ya müvəqqəti olaraq dəyişdirə, yeniləyə, və/və ya dayandıra bilər. Vasitəçi bu maddədə sadalanan hallar və oxşar xarakterli digər hallarla bağlı Üzv və/və ya üçüncü şəxslər qarşısında heç bir məsuliyyət daşımır.
2.2.6.    Vasitəçi Platforma üzvünün ona məlum olan şəxsi məlumatlarını yalnız AR-nın 11 may 2010-cu il tarixli “Fərdi Məlumatlar haqqında” Qanununa və müvafiq digər qanunvericilik aktlarına uyğun olaraq istifadə edəcəkdir, o cümlədən Üzvün şəxsi məlumatlarının qorunması məqsədilə 3-cü şəxslərin Platformaya icazəsiz girişlərinin qarşısını almaq üçün müvafiq texniki və təşkilati tədbirləri görməlidir. Vasitəçi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Məxfilik müqaviəsi ilə tanışdır, həmin Müqavilə üzrə öz hüquq və öhdəliklərini bilir.
2.2.7.    Vasitəçi Üzvə Platformada qeydiyyatdan keçərkən daxil etdiyi əlaqə məlumatları (e-mail, telefon nömrəsi vasitəsilə zəng və ya SMS yolu ilə)  ilə Platformada baş verən yeniliklər, fürsətlər və kampaniyalar barədə məlumat xarakterli bildirişlər göndərmək hüququna malikdir. Üzv Platformada qeydiyyatdan keçərkən daxil etdiyi əlaqə məlumatlarının düzgün və aktual olmasına diqqət etməlidir.
3.    MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ XİTAMI QAYDASI
3.1.      Bu müqavilə imzalandığı andan qüvvəyə minir və istənilən səbəbdən Üzvün üzvlüyünə xitam verilənədək qüvvədədir.

 

4.    MÜBAHİSƏLƏRİN HƏLLİ
4.1.    Tərəflər onlar arasında həmin Müqavilənin icrası prosesində yaranacaq bütün mübahisələrin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verirlər.
4.2.     Mübahisələr 15 (on beş) gün ərzində danışıqlar yolu ilə həll edilə bilmədikdə Azərbaycan Respublikasının aidiyyətı üzrə məhkəmələrində həll ediləcəkdir.
4.3.    Müqavilə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan qaydada tənzimlənir.
4.4.    Mübahisələrin məhkəmədənkənar həlli və ya məhkəmə müddəti tərəflərin öhdəliklərini icra etməli olduğu müddəti dayandırmır və ya kəsmir.

5.    MƏSULİYYƏT
5.1.    Tərəflər müqavilədən irəli gələn öhdəliklərini icra etməmələrinə və ya lazımınca icra etməmələrinə görə məsuliyyət daşıyırlar.
6.    FORS MAJOR 
6.1.    Üsyan, embarqo, dövlət müdaxiləsi, qiyam, işğal, müharibə, səfərbərlik, tətil, lokaut, əmək fəaliyyəti və ya boykotlar da daxil olmaqla işçi-işəgötürən mübahisələri, kiber hücum, rabitə problemləri, infrastruktur və internet nasazlıqları, sistemə dair təkmilləşdirmə və ya yeniləmə işləri və bu səbəbdən yarana biləcək nasazlıqlar, elektrik kəsintisi, yanğın, partlayış, fırtına, sel, zəlzələ, köç, epidemiya və ya digər təbii fəlakət, yaxud Vasitəçinin nəzarəti xaricində baş verən, onun təqsirindən irəli gəlməyən və ağlabatan şəkildə əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan digər hallar nəticəsində Vasitəçinin bu Müqavilədən irəli gələn öhdəliklərini icra etməsi mümkünsüz olarsa və ya gecikdirilərsə, Vasitəçi bu səbəbdən icrası mümkün olmayan və ya gecikdirilmiş öhdəliklərinə görə məsuliyyət daşımır və bu hal Müqavilənin pozuntusu hesab edilə bilməz.
6.2.    Vasitəçi əvvəlcədən məlumat verməklə, Platformanın təkmilləşdirilməsi və yenilənməsi, sistem yeniləmələri və texniki işlərin aparılması məqsədilə Platformaya girişi məhdudlaşdıra bilər. Bu səbəbdən yaranan sifariş gecikmələri və yuxarıda qeyd olunan digər hallar Müqavilənin pozuntusu hesab edilə bilməz.
7.    DİGƏR ŞƏRTLƏR
7.1.    Bu Müqavilədən irəli gələ biləcək mübahisələr halında, Üzv Vasitəçi tərəfindən saxlanılan bütün qeyd və sənədlərin, o cümlədən Üzv tərəfindən Platformada qeyd edilən bütün məlumatların müstəsna olaraq sübut təşkil edəcəyini və bu maddənin sübut müqaviləsi xarakteri daşıdığını qəbul edir.
7.2.    Üzv bu Müqavilədən irəli gələn hüquq və öhdəliklərini Vasitəçinin əvvəlcədən yazılı razılığını almadan heç bir şəkildə üçüncü şəxslərə ötürə bilməz. Bununla belə, Vasitəçi bu Müqavilədən irəli gələn hüquq və öhdəliklərini Üzvün yazılı razılığı olmadan üçüncü şəxslərə ötürə bilər.
7.3.    Müqavilə üzrə Tərəflərin bir-birinə ötürdükləri məlumatlar bildiriş hesab olunur və müqavilənin ayrılmaz tərkib hissəsidir. Bildirişlər yalnız yazılı formada verilməlidir. Müqavilədə göstərilmiş ünvanlara göndərilmiş bildirişlər onlara çatmış hesab olunur və hüquqi qüvvəyə malikdir.
7.4.    Müqavilənin hər hansı bəndinin etibarsızlığı və ya ləğvi bütövlükdə müqavilənin etibarsız hesab olunmasına və ya ləğvinə səbəb olmayacaq.
7.5.    Tərəflərdən heç biri hazırki müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tərəflərin idarəsindən asılı olmayan və hazırki müqavilə imzalandıqdan sonra meydana çıxan qarşısıalınmaz qüvvə halları, yəni daşqın, yanğın, zəlzələ və digər təbii fəlakətlərin, habelə elan edilmiş və edilməmiş müharibə, digər hərbi əməliyyatlar, terror aktları, mühasirə, dövlət hakimiyyəti orqanlarının qərarları və hərəkətləri, eləcə də qarşısıalınmaz digər səbəblər nəticəsində tam və ya qismən yerinə yetirdikdə, ya lazımi səviyyədə yerinə yetirmədikdə məsuliyyət daşımır.
7.6.    Tərəflərdən birinin bu Müqavilədə nəzərdə tutulmuş hər hansı bir hüquqdan istifadə etməməsi həmin hüquqdan imtina edildiyi mənasına gəlməyəcək və həmin hüququn sonradan istifadə olunmasına mane olmayacaqdır.
7.7.      Vasitəçi istənilən zaman heç bir səbəb göstərmədən bu Müqavilənin şərtlərini birtərəfli qaydada dəyişdirə bilər.
7.8.    Bu Müqavilə Azərbaycan dilində olmaqla  2 (iki) orijinal nüsxədə tərtib edilmişdir. Hər iki nüsxə eyni hüquqi qüvvəyə malikdir. 

Sepetiniz

ŞİMDİ EKSTRA %10 İNDİRİM AL! | Kod: HIQ10


♥ Bize güvenen 100.000'den fazla müşteriye dahil ol!

Sepetiniz boş
Hadi bunu düzeltelim

Hoşunuza gidebilir...